+

... Yaxşıların ittifaqı ...

Pislərin itifaqının öndərləri

İnkarçıların, yer üzündə fitnə-fəsad törədənlərin, insanların iman etmələrinə maneə törətməyə çalışanların bəzi rəhbərləri olduğunu Quranda Allah bildirir və bu insanları “qövmün öndə gələnləri” olaraq təsvir edər. Quran ayələrinə baxdıqda tarix boyunca hər cəmiyyətdə yaxşıları pisləyərək xalqı onlara qarşı qaldıran, mal və mövqelərinin gücünə arxalanaraq təcavüzkar, ərköyün və azğın davranışlar sərgiləyən kəslərin mövcud olduğunu görərik. Xalq isə zəngin və güclü gördükləri və bu səbəblə, qorxu duyduqları bu insanların sözlərinə etibar edərək, çox vaxt pislərin öndə gələnlərinin yanında yer almışlar. Halbuki, Quranda bildirildiyinə görə, bu insanların arxasından gedərək onların sözlərini dinləmək, hər söylədiklərinə inanmaları və öz vicdanlarının səsinə qulaq verməmələri, cəhənnəm oduna sürüklənmələrinə səbəb olacaq. Allah bu həqiqəti ayələrində belə açıqlayır:

Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik – Firon və onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru yol göstərən əmr deyildi. (Hud surəsi, 96-97)

Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar. (Qəsas surəsi, 41-42)

Cəmiyyətdə fəsad və narahatçılıq çıxaranların o cəmiyyətlərdəki bəzi imkan və güc sahibi kəslər olduqlarını bildirən bəzi ayələr isə bu şəkildədir:

Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik. (İsra surəsi, 16)

Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər. (Ənam surəsi, 123)

Hər şeydən əvvəl bir cəmiyyətin öndə gələnlərindən bəhs edildiyi zaman o kəslərin mal varlıqları ilə yanaşı, bu zənginlikləri sayəsində əldə etdikləri gücdən də söhbət gedir. Cəmiyyətin sosial quruluşunda söz sahibi olan və bəzi əhəmiyyətli orqanları da əllərində saxlayan bu insanlar sahib olduqları fikirləri, istədikləri Quran əxlaqından uzaq həyat tərzini və həyata baxışlarını asanlıqla insanlara təlqin edə bilərlər. Digər bir üsulları da yenə bu güclərindən istifadə edərək yaxşıları təhdid etmək yolu ilə qorxutmağa çalışmaqlarıdır. Allah, bir ayəsində inkarçı öndə gələnlərin bu xüsusiyyətlərini belə bildirmişdir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Pislərin ittifaqının baş memarları və bu ittifaqı istiqamətləndirənlər məhz bu cəmiyyətin ictimai rəhbərləridir. Bu rəhbərlər bir yerə gəldikləri vaxt yaxşılar əleyhinə ittifaq edər, onları yox etməyin və ya təsirsiz hala gətirməyin planlarını qurar, özləri ilə eyni sırada olan kəslərdən kömək alarlar. Bunun nümunələri yenə Quranda hz. Musa (ə.s) ilə əlaqədar bir əhvalat izah edilərkən bildirilir:

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!” (Qəsas surəsi, 20)

Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi. (Taha surəsi, 60)

Ayələrdə də göründüyü kimi, pislərin öndərləri toplanaraq yaxşılar əleyhinə qərarlar verir və onlara qarşı istifadə edəcəkləri kəsləri bir yerə gətirərək ittifaqlarını gücləndirir. Tarix boyunca pislərin ittifaqına uyanlar da bəlkə qorxduqları, bəlkə də onlardan çəkindikləri üçün və ya onların güclərindən təsirləndikləri üçün pislərin öndərlərinə tabe olmuşlar. Məsələn, Fironun arxasından gedənlər, Hitler, Mao, Stalin, Pol Pot kimi xəstə kəslərin hər dediyini tətbiq edərək milyonlarla günahsız insanı qətl edənlər və ya bir cinayət təşkilatına girərək müxtəlif qırğınlar reallaşdıranlar, günahsız insanları öldürənlər, aldadanlar da bəlkə özlərindən soruşduqda eyni cavabı verəcək və liderlərinin zülmündən qorxduqları və ya onların güclərindən təsirləndikləri üçün onlarla ittifaq etməyə məcbur olduqlarını söyləyəcəklər. Bəlkə dünya həyatında onların bu səmimiyyətsiz şərhlərinə qulaq asanlar ola bilər. Ancaq axirətdə onların bu şərhləri qəbul edilməyəcəkdir. Allah, bəzi ayələrində pislərin öndərləri ilə onlara tabe olanların axirətdə bir-birləriylə necə çəkişib, lənətləşəcəklərini bildirmişdir. Bu, pislərin öndərləri ilə onlara uyanların mütləq sonudur:

Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir tayfa Oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Allah deyəcək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!” Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz olmayıb. Elə isə qazandıqlarınıza görə dadın əzabı!” Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
(Əraf surəsi, 38-40)

Halbuki, küfrün öndə gələnlərinin sahib olduqları güc, nə özlərinə, nə də ətraflarındakı insanlara fayda və ya zərər gətirə bilməz. Bütün mülkün və gücün sahibi, üstün və güclü olan Rəbbimizdir. Rəbbimiz istəməsə heç kim heç kimə nə fayda, nə də zərər verə bilər. Bu həqiqətə iman edən möminlər isə tarix boyunca nə Fironun, nə Nəmrudun, nə də bir başqa şər öndərinin təsiri altında qalmamışlar və onlara boyun əyməmişlər. Onlar hər zaman Allahın rizasını axtarmışlar və yalnız Allahdan qorxub çəkinərək, pislərə əsla uymamışlar. Məsələn, Quranda Allah hz. Musa (ə.s)-ın qövmünün böyük bir hissəsinin Fironun və öndə gələnlərin əziyyətindən qorxaraq iman etmədiklərini, ancaq gənclərdən az sayda adamın hz. Musa (ə.s) ilə ittifaq etdiyini bildirir. Eyni şəkildə Fironun hz. Musa (ə.s)-ın əleyhinə hiylə qurmaları üçün vəzifələndirdiyi kəslər də həqiqətləri görmüşlər və hz. Musa (ə.s)-ın tərəfinə keçmişlər. Bu cəsur və ürəkli insanlar Fironun hədələrindən əsla qorxmamış, heç çəkinmədən, yaxşılarla ittifaq etmişlər. Allah sehrbazların bu gözəl rəftarını Quranda belə bildirir:

Sehrbazlar səcdəyə qapandılar. Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik! Musa və Harunun Rəbbinə!” Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”. Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”.
(Əraf surəsi, 120-126)

Ayələrdə də göründüyü kimi, səmimi və vicdanlı insanların yaxşılarla ittifaq etməsinə heç bir şərt, təhdid və ya hücum əngəl törədə bilməz. Pislərin özlərini pisliyə, azğınlığa və nəhayət cəhənnəmə çağıran rəhbərləri olduğu kimi, yaxşıların da onları hidayətə çağıran və Allahın razılığını, rəhmətini və cənnətini qazanmalarına vəsilə olan kəslər vardır. İnsanları yaxşılığa və xeyirə çağıran bu kəslərdən bəhs edilən ayələrdən bəziləri belədir:

Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik. Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. (Ənbiya surəsi, 72-73)

Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. (Səcdə surəsi, 24)

Məhz bu saleh insanlar bütün həyatları boyunca insanları hidayətə, Allahın sevdiyi doğru yola çağırmışlar.