+

... Yaxşıların ittifaqı ...

Yaxşılar ittifaq yaratmasalar yer üzündə təxribatçılıq və zülm olar

Yaşadığımız dövrdə şiddət, terror, zülm, saxtakarlıq, fırıldaqçılıq, yalançılıq, əxlaqsızlıq, utanmazlıq, dava-dalaş, çəkişmə, yoxsulluq, aclıq keçmişdə olduğundan daha çoxdur. Buradan da anlayırıq ki, pislərin pislikləri keçmişdəkilərdən çox daha şiddətlidir. Vicdan və ağıl sahibi hər insan qəflətdən sıyrılmalı və indiki vaxtda bütün dünyada baş verən hadisələrə ibrətlə baxmalıdır. Pislər və pisliklər həm sayca çox, həm də maddi imkan olaraq güclü görünür və yer üzündə bir çox insanın acı və narahatçılıq içində yaşamasına səbəb olur. Dinsizlik və ya dinin Allahın insanlara vəhy etdiyi şəklindən tamamilə uzaqlaşdırılmış olması, Quran əxlaqının yaşanmaması yer üzündə təxribatçılığın və hər cür pisliyin yayılmasına səbəb olmuşdur. Allah dinsiz insanların yer üzünə gətirdikləri zərəri bir ayədə belə bildirmişdir:

İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.
(Bəqərə surəsi, 204-205)

Bütün yaxşı xüsusiyyətlərini itirmiş, mərhəmət duyğusunu tamamilə itirmiş, milli və mənəvi dəyərlərini heçə sayan, hətta lağ mövzusu edən insanların zülmlərinə və pisliklərinə son verilməsi üçün ən əhəmiyyətli mövzu yaxşı ürəkli, vicdan sahibi insanların ittifaq edərək yer üzündə pisliyin yerinə yaxşılığın və gözəlliyin yayılmasına səy göstərmələridir. Allah bir ayədə əgər möminlər bir-birlərinə kömək etməsələr yer üzündə fitnə-fəsad çıxacağını belə xəbər verir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.
(Ənfal surəsi, 73)

Bu, möminlər üçün ağır bir məsuliyyətdir və hər mömin belə ağır bir günahı boynuna götürməkdən çəkinməlidir. Zaman hər insanın öz başının çarəsinə baxmasının deyil, digər insanlar üçün də ciddi bir səy göstərməsinin vaxtıdır. Bir çox insan peyğəmbər hekayələrini, səhabələrimizin həyatlarını təfərrüatlarıyla oxuyar, onları təqdir edər, üstün əxlaqlarına təriflər yağdırar, cəsarətlərini, çevik və etidallı, qınayanın qınağından qorxmayan, əsla ruhdan düşməyən, hər cür çətinliyə sinə gərən rəftarlarını izah edər. Məhz onlar Allahın sevdiyi, cənnətində qonaq edəcəyini müjdələdiyi, mübarək və fədakar insanlardır. Onlar həyatları boyunca yaxşılıq və dürüstlük mövzusunda gözü qara davranmışlar. Ancaq bu gün yaxşı insanlara düşən, yalnız onların həyatlarını izah etmək deyil, onları nümunə götürmək və hər an onlar kimi davranmaqdır. Hər yaxşı insan Quranda nümunə göstərilən peyğəmbərlərin, onlarla birlikdə olan saleh insanların əxlaqına çatmaq üçün bir-biriylə yarış içində olmalıdır. Əks təqdirdə vicdan sahibi hər kəs bu dünya həyatında şahid olduğu pisliklərdən, fəsadlardan, savaş və müharibələrdən məsul olacaq.
Məhz pislərin bu qədər şiddətləndiyi, zəif buraxılmış qadınların, uşaqların bir köməkçi gözlədiyi bu əsrdə müsəlmanların birliyi ayaqda tutmaları və hər cür çətinlikdə, sıxıntıda, hər şərt və vəziyyətdə bir-birlərinin köməyinə can atmaları lazımdır. Allah Ali İmran surəsində iman edənlərin qardaşlığını və bir-birlərinə qarşı göstərməli olduqları rəftarı bu şəkildə təsvir edir:

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)